Prezident İlham Əliyev əfqanıstanlı həmkarı Əşrəf Qanini Bakıya səfərə dəvət edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
“Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov 30-31 may tarixlərində Əfqanıstan İslam Respublikasına səfər çərçivəsində prezident İ.Əliyevin dəvət məktubunu Əfqanıstan prezidentinə çatdırıb”, - deyə məlumatda bildirilir.
Nazir müavini, həmçinin Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani və digər rəsmi şəxslərlə də görüşüb.
“Görüşlərdə ikitərəfli siyasi dialoq və praktiki əməkdaşlıq məsələləri müzakirə olunub. Əfqanıstan rəsmiləri ölkədə stabilliyin yaradılması işinə Azərbaycanın verdiyi dəstəyin və Asiyanın Ürəyi - İstanbul Prosesinə həmsədrliyinin yüksək qiymətləndirildiyini bildiriblər”, - deyə məlumatda qeyd olunur.
Səfər əsnasında A.Əzimov Asiyanın Ürəyi - İstanbul Prosesinin səfirlər səviyyəsində görüşünə həmsədrlik edib. Sözügedən görüşdə bu ilin sonunda Bakıda keçiriləcək Asiyanın Ürəyi - İstanbul Prosesinin Nazirlər səviyyəsində iclasına hazırlıqla bağlı məsələlər müzakirə olunub.*
R.Babayev