Azərbaycan hökuməti 2020-ci ildə qaz hasilatının 44,5 mlrd. kubmetrədək artımını proqnozlaşdırır. Bu barədə energetika naziri Natiq Əliyev bu gün “Caspian Oil&Gas” konfransnda bəyan edib.
“Şahdəniz” yatağı sayəsində ölkədə yaxın illərdə qaz hasilatının həcminin əsas artımı gözlənilir”, - deyə N.Əliyev qeyd edib.
O məlumat verib ki, proqnozlara görə, 2017-ci ildə Azərbaycanda qaz hasilatı 28,5 mlrd. kubmetr, 2018-ci ildə - 27,7 mlrd. kubmetr, 2019-cu ildə - 32,8 mlrd. kubmetr səviyyəsində planlaşdırılır.
“Bununla belə, 2017-2020-ci illərdə SOCAR tərəfindən qaz hasilatının həcmi stabil qalaraq illik 6,4 mlrd. kubmetr təşkil edəcək”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, bu dövrdə “AÇG” yataqlar blokundan səmt qazının hasilatı illik 12 mlrd. kubmetr həcmində nəzərdə tutulur.
“2020-ci ildə “Abşeron” yatağından, 2026-cı ildə isə “AÇG” blokunun dərin yerləşən laylarından qaz hasilatına başlamaq planlaşdırılır. Həmçinin, hazırda yaxın perspektivdə “Naxçıvan”, “Şəfəq-Asiman” yataqlarının işlənməsinə başlamaq imkanı nəzərdən keçirilir”, - deyə N.Əliyev bildirib. **
N.Abbasova