Baş Prokurorluqda dövlət sərhədini qanunsuz olaraq keçməkdə və qaçaqmalçılıqda ittiham olunan jurnalist Əfqan Muxtarlı barəsində cinayət işi açılıb. Bu barədə Baş Prokurorluq və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə bəyanatında qeyd olunur.
“Azərbaycan vətəndaşı Əfqan Muxtarlı 29 may 2017-ci il tarixində saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib və xidmətin əməkdaşları tərəfindən saxlanılıb”, – deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, “Bank of Georgia ekspress” plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb.
Həmin faktla bağlı 30 may 2017-ci il tarixində Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb və Ə.Muxtarlı şübhəli şəxs qismində tutulub.*
F.İsazadə