Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “Buta Airways”in loqotipi, özünəməxsus korporativ üslubu və livreyası milli koloritin saxlanılması ilə tərtib olunub. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.
““Buta Airways”in loqotipi Azərbaycanın buta ornamenti formasında təsvir olunan mifoloji müqəddəs Simurq quşu rəmzini özündə əks etdirir. Aviaşirkətin parlaq livreyasında buta naxışları AZAL-ın korporativ göy rəngində, həmçinin Azərbaycan bayrağında əks olunan parlaq qırmızı rəngdə təsvir olunub”, - deyə məlumatda bildirilir.
“Buta Airways”in donanması müasir “Embraer” təyyarələrindən ibarət olacaq.
“Hazırda aviaşirkətin qiymət siyasəti, daşınma qaydaları, həmçinin marşrut şəbəkəsinin işlənib hazırlanması prosesi başa çatmaq üzrədir”, - deyə məlumatda qeyd olunur.
Bununla eyni vaxtda aviaşirkətin saytının işə salınması da gözlənilir. Sayt vasitəsilə aviabilet almaq mümkün olacaq. Eyni zamanda aviabiletləri kassalarda və rəsmi agentliklərdə əldə etmək mümkün olacaq.*
A.Əzizov