Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Daxili İşlər Nazirliyi (DİN) və İcbari Sığorta Bürosu (İSB) arasında fiziki və hüquqi şəxslərin istifadəsində olan nəqliyyat vasitələri və icbari sığorta müqavilələri üzrə məlumatların mübadiləsinə dair razılaşma imzalanıb. Bu braədə Palatadan məlumat verilib.
“Razılaşma DİN və İSB-nin informasiya sistemləri arasında istifadədə olan avtonəqliyyat vasitələrinin icbari sığorta müqavilələrinin yoxlanılması üzrə məlumat mübadiləsinin reqlamentini müəyyən edir. Məlumat mübadiləsi mərkəzləşdirilmiş qaydada DİN-in mərkəzi informasiya sistemi ilə İSB-nin "İcbari Sığorta Məlumat Sistemi" (İSMS) arasında elektron formatda aparılacaq. İcbari sığorta müqaviləsi mövcud olmayan avtonəqliyyat vasitələri radarlar vasitəsilə aşkar ediləcək və avtonəqliyyat vasitəsi sahibləri mövcud qanunvericiliyə əsasən cərimələnəcək”, - deyə məlumatda deyilir.
İcbari sığorta müqaviləsi olmadan avtonəqliyyat vasitəsinin istifadə edilməsinə görə fiziki şəxslər 50 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.
“Cari dövrdə bu icbari sığorta növünün penitrasiyası 75%-ə çatır və inteqrasiya tamamlandıqdan sonra artması gözlənilir”, - deyə məlumatda qeyd olunur. **
A.Axundov