Rəsmi Bakı "Booking.com” şirkətinin işğal olunmuş ərazilərdə mehmanxana sifarişlərini həyata keçirməsi ilə əlaqədar Azərbaycanın Hollandiyadakı səfirliyinə təlimat verib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib.
Hotellərin bronlaşdırılması üzrə fəaliyyət göstərən "Booking.com” şirkəti öz səhifəsində Ermənistan tərəfindən Azərbaycanın işğal olunan ərazilərində hotellərə dair məlumat yerləşdirib. Xüsusilə, axtarış sətirinə “Xankəndi” yazıldığı zaman bu şəhərin Ermənistana aidiyyəti olduğu qeyd olunur.
“Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqəndirilmiş şəkildə məsələ ilə əlaqədar booking.com şirkətinə Azərbaycanın narazılığının bir daha çatdırılması və bu kimi qanunsuz fəaliyyətin qarşısının alınması üçün şirkətin mənzil-qərargahının yerləşdiyi Hollandiyadakı səfirliyimizə müvafiq təlimat verilib”, - deyə H.Hacıyev bildirib.
Onun sözlərinə görə, "Booking.com” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi ilə əlaqədar bundan əvvəl də bu şirkətə müraciətlər olub. “Həmçinin, booking.com-un regional filiallarına və aidiyyəti beynəlxalq təşkilatlara da müraciətlərin edilməsi nəzərdə tutulub”, - deyə o qeyd edib.
H.Hacıyev vurğulayıb ki, “Booking.com” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsinə və müvafiq qərarlarına, Turizmə dair Qlobal Etik Məcəlləyə köklü şəkildə ziddir.
Onun sözlərinə görə, booking.com şirkətinin bu kimi fəaliyyəti korporativ biznes etikasına da zidd olaraq, şirkətin öz nüfuzuna mənfi təsir göstərən amildir
"Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pul köçürmə əməliyyatları üçün qapalı olduğu halda, booking.com üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş ərazilərdə mehmanxana reservasiyası və booking.com –un bundan qazanc əldə etməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların yuyulması kontekstində də nəzərdən keçirilməlidir”, - deyə H.Hacıyev əlavə edib. **
F.İsazadə