SOCAR (ARDNŞ) Türkiyədə yeni neft-kimtya müəssisəsinin yaradılmasına təxminən $3 mlrd. yatırmağı planlaşdırır. Bu barədə Türkiyə mətbuatı SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevə istinadən məlumat verir.
“Hazırda Petkim yarımadasında yeni neft-kimya sahəsində istehsalata sərmayə yatırmaq məsələsi üzərinə çalışırıq. Bu məsələdə qeyd olunan ideyaya müsbət yanaşan Türkiyə hökuməti ilə sıx əməkdaşlıq edirik. Yeni müəssisə ikinci “Petkim”ə çevrilə bilər. Bu komplerksin yaradılmasına təxminən $3 mlrd. səviyyəsində qiymətləndirilir”, - deyə V.Əliyev bildirib.
Onun sözlərinə görə, “Petkim” gücünün 93%-i ilə fəaliyyət göstərir. Buna baxmayaraq, Türkiyənin neft-kimya məhsullarına tələbatı yalnız 18% ödənilir. Bununla əlaqədar, SOCAR bu ölkədə kauçuk və kimya məhsullarının bir çox yeni növlərinin istehsalını planlaşdırır.
“ Petkim Petrokimya Holding”də yeni güclərin yaradılması üçün artıq yer yoxdur. Biz fəaliyyət göstərən kompleksin yanında “Petkim”in gücündə artıq olan müəssisə yarada bilərik. Bununla bağlı həmin layihənin strateji kimi qiymətləndirilməsi məqsədilə hökumətlə çalışırıq. Bu bizə üstünlük verəcək və maliyyələşdirilməni asanlaşdıracaq”, - deyə V.Əliyev bəyan edib.
O həmçinin məlumat verib ki, 2008-ci ildəö SOCAR-ın əldə etdiyi “ Petkim Petrokimya Holding” kompleksinin bazar qiyməti hazırda $2,1 mlrd. səviyyəsində qiymətləndirilir. Bu illər ərzində ARDNŞ-nin “Petkim” kompleksinin inkişafına ümumi sərmayələri $730 mln. təşkil edib.
Bundan başqa, V.Əliyev bildirib ki, 2020-ci ilə qədər Türkiyə iqtisadiyyatına Azərbaycanın planlaşdırdığı $18 mlrd. səviyyəsində sərmayələri artıq $11 mlrd. təşkil edib. **
N.Abbasova