23-25 iyun tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq "Formula-1" Azərbaycan Qran-prisi ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə Nəqliyyatın İdarə Olunması Planı hazırlanıb. Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.
““Formula-1” Azərbaycan Qran-prisinin keçiriləcəyi dövrdə ictimai nəqliyyat intensiv rejimdə hərəkət edəcək”, - deyə məlumatda bildirilir.
Plana uyğun olaraq 23-25 iyun tarixlərində trekin yaxınlığından keçən avtobuslar və metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək gün ərzində ümumilikdə 20 saat xidmət göstərəcək. Trekə gəlmək üçün 65 saylı marşrut xətti ilə hərəkət edən avtobusların xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində, Mərkəzi Univermağın (MUM) yaxınlığında yerləşən dayanacaqda düşərək, bilet aldığı tribunayadək piyada hərəkət etməlidirlər. Yarış ərəfəsində 65 saylı marşrut xətti ilə hərəkət edən avtobuslar qeyd edilən marşrutla keçəcək.
Trekə 5 saylı marşrut xətti ilə hərəkət edən avtobuslarla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində avtobusların keçəcəyi dayanacaqlar bunlardır: “Nəriman Nərimanov” metrostansiyası - "28 May" metrostansiyası (Salatın Əsgərova küçəsi) - “28 May” metrostansiyası (Cəfər Cabbarlı küçəsi) - “28 May” küçəsi (Səməd Vurğun bağı) - Nizami küçəsi və R.Behbudov küçəsi (Rəşid Behbudov adına mahnı teatrının yanı). Avtobuslar 3 dəqiqəlik intervalla hərəkət edəcək.
53 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı İdman Sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək: Bayıl (20-ci sahə) - Bakı Su İdmanı Sarayı - Milli Bayraq Meydanı - Bakı İdman Sarayı (Funikulyorun yanı). Bu avtobuslar 6 dəqiqəli intervalla hərəkət edəcək.*
R.Babayev