“Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2017-2030-cu illər)” layihəsi hazırlanıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bəyan edib.
“Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2017-2030-cu illər)” layihəsi hazırlanıb” , bunu S.Müslümov Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrə şəhərində keçirilən 106-cı sessiyasında bildirib.
Nazir qeyd edib ki, son 5 il ərzində gənclər arasında işsizlik səviyyəsi 11,8%-dən 9,4%-dək azalıb.
“Azərbaycanda 2015-ci ildə əhalinin ümumi yaş strukturunda 14-29 yaşda gənclərin payı 27% təşkil edib. Gənclərin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 5 il ərzində 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8%-dən 9,4%-dək azalıb”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, 2006-2015-ci illər ərzində ölkədə əhalinin illik təbii artım tempi 1,3%-ə yaxın olub.
“Hazırda ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir”, - deyə S.Müslümov bildirib. **
R.Babayev