“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Layihələrin idarə edilməsi departamenti yaradılıb. Bu barədə QSC-dən məlumat verilib.
“Departamentin vəzifələrinə Gəmiçiliyin tabeliyində olan qurum və ya onların müvafiq bölmələrinin göstərdiyi gəmi agentliyi, liman, dibdərinləşdirmə, dərinlik ölçmə, dalğıc, ofşor (lövbər əməliyyatı, yedəkləmə, təchizat, kran gəmiləri xidmətləri) və gəmi təmiri xidmətlərinin iqtisadi səmərəliliyinin və effektivliyinin artırılması, onların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, kommersiya işinin təkmilləşdirilməsi və əlaqələndirilməsi, yeni layihələrdə iştirakı daxildir”, - deyə məlumatda deyilir.
Departament layihələrdə iştirak üçün zəruri tədbirlərin görülməsi, xidmətlər bazarının öyrənilməsi və təhlili, potensial müştərilərlə danışıqların aparılması, tenderlərdə Cəmiyyətin təmsil olunması kimi funkusiyaları da yerinə yetirəcək.
Bundan başqa, layihələr daxilində problemləri müəyyənləşdirəcək və həll edəcək.
Layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə bir çox nüfuzlu beynəlxalq şirkətdə logistika və layihələrin idarə edilməsi sahəsində təcrübəyə malik Kərim Sultanov təyin olunub. O, bu təyinatadək “AXDG”-də bir sıra rəhbər vəzifədə çalışıb. **
N.Abbasova