Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidentiHəsən Ruhaniyə Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.
“Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi və hiddətləndirdi. Bu qanlı hadisə terrorizmin bütün dünya üçün dəhşətli bir bəlaya çevrildiyini, onun bütün təzahürlərinə qarşı birgə səylərlə və ardıcıl mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir”, - deyə dövlət başçısının saytında dərc olunan İ.Əliyevin məktubunda deyilir.
Prezident həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.
Xəbər verildiyi kimi, bu gün Tehranda İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı terrorçuların hücumu nəticəsində 12 nəfər həlak olub. Bununla belə, 4 terrorçu məhv edilib. **
F.İsazadə