Ukraynada Azərbaycanın Ticarət Evinin açılması qeyri-neft məhsullarının bu ölkəyə ixracının artmasında və satışının genişlənməsində əhəmiyyətli olacaq. İqtisadiyyat naziri Şahin Mustafayev belə hesab edir.
Nazirliyin məlumatına görə, Ş.Mustafayevin Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə görüşdə ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu məsələləri müzakirə edilib.
“Nazir vurğuulayıb ki, Ukraynada Azərbaycanın Ticarət Evinin açılması qeyri-neft məhsullarının Ukraynaya ixracının artmasında və satışının genişlənməsində əhəmiyyətli olacaq”, - deyə məlumatda deyilir.
Bundan başqa, Ş.Mustafayev Ukraynanı Azərbaycanın tranzit imkanlarından, o cümlədən Bakı Dəniz Ticarət Limanının potensialından istifadə etməyə, həmçinin əczaçılıq və kimya sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə dəvət edib.
A.Mişenko Azərbaycandan turistlərin müalicə məqsədilə Truskavesə səfər etdiklərini, ukraynalıların da Naftalanın müalicə imkanlarına maraq göstərdiklərini diqqətə çatdırıb. Səfir ölkələr arasında ticarət əlaqələrinin genişləndiyini, ixracın qarşılıqlı şəkildə artdığını qeyd edib. **
A.Əzizov