Azərbaycanda ali məktəblərə daxil olmaq istəyənlər üçün birillik ödənişli hazırlıq kurslarının yaradılması planlaşdırılır.
“Təhsil haqqında” qanuna müvafiq dəyişikliklər parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
«Qanuna təklif olunan dəyişikliklərin əsas məqsədi ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində birillik hazırlıq kurslarının yaradılmasından ibarətdir», - deyə komitə sədri İsa Həbibbəyli bildirib.
Onun sözlərinə görə, həmin hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.
İ.Həbibbəyli qeyd edib ki, məktəbi bitirdikdən sonra ali məktəbə daxil ola bilməyən bir çox abituriyent ali təhsil almaq üçün başqa ölkələrə gedir. «Ödənişli hazırlıq kurslarının açılması gənclərin xaricə axınının qarşısını almağa kömək edəcək», - deyə sədr vurğulayıb.
İclasın yekunları üzrə qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.*
R.Babayev