Avropa İttifaqı (Aİ) ölkələrinin şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşları 7 mlrd. avro həcmində qiymətləndirilir. Bu barədə bu gün Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda Avropa Komissiyasının qonşuluq siyasəti və Aİ-nin genişləndirilməsi ilə bağlı danışıqlar üzrə Baş Direktoratlığının Şərq tərəfdaşlığı Departamentinin direktoru Lourens Meredit bildirib.
"Aİ-dən Azərbaycana 7 mlrd. avro məbləğində birbaşa investisiya cəlb edilib. Bunun 2,5 mlrd. avrodan çoxu qeyri-neft sektoruna yönəldilib. Biz Azərbaycanın öz iqtisadiyyatını şaxələndirmək niyyətində olduğunu görürük. Energetika sektoru münasibətlərimizdə aparıcı rol oynasa da, biz qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərini də alqışlayırıq", - deyə o qeyd edib.
Direktorun sözlərinə görə, hazırda tərəflər arasında strateji tərəfdaşlığa dair yeni saziş çərçivəsində danışıqlar aparılır.
"Bu saziş hər iki tərəf üçün çox vacibdir. Biz, həmçinin əməkdaşlığımızn prioritet istiqamətlərini də müzakirə edirik. Belə istiqamətlərdən biri “Cənub qaz dəhlizi” layihəsidir”, - deyə o əlavə edib.*
F.İsazadə