"Günəşli" yatağında 60 mln. ton çıxarıla bilən neft ehtiyatı var. Bu barədə "Azneft" İstehsalat Birliyinin məlumatında qeyd olunur.
Bu gün SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "28 May" neft və qazçıxarma idarəsində IB-nin baş direktoru Daşqın İskəndərovun iştirakı ilə müşavirə keçirilib. Müşavirənin məqsədi sözügedən idarənin istismar etdiyi obyektlərin hidrotexniki qurğularının, dəniz özüllərinin, texnoloji obyektlərin, kommunikasiya qovşaqlarının mövcud vəziyyətinin araşdırılması, “28 May” NQÇİ-nin 2017-ci ilin 5 ayı ərzində gördüyü işlərin müzakirəsi olub.
“Müşavirə idarənin aidiyyəti mütəxəssisləri 2017-ci ilin 5 ay ərzində görülmüş işlər barəsində geniş hesabatla çıxış ediblər. Hesabatda məlum olub ki, “Günəşli” yatağında 60 mln. ton çıxarıla bilən neft ehtiyatı var. Hesabat zamanı qalıq neftin intensiv çıxarılma üsulları müzakirə edilib. Hasilatın stabil saxlanılması, qalıq neftin mənimsənilməsi üçün səmərəli işlənmə üsulunun seçilməsinin vacibliyi qeyd olunub”, - deyə məlumatda deyilir.
Sonra Hasilatın stabil saxlanılması üçün əsas yükün Fasilə lay dəstindən götürülərək digər horizontlara paylanılması ətrafında fikir mübadiləsi aparılıb.
2020-ci ilə kimi qaz hasilatında ciddi artıma nail olunması üçün əlavə tədbirlərin görüləcəyi qərarlaşdırılıb.
Məlumata görə, cari ilin yanvar-may ayları ərzində 33 quyunun təmir olunaraq istismara qaytarılıb. Hazırda 16 obyektdə tikinti-quraşdırma işlərinin davam edir. Bununla belə, 3 və 5 saylı dərin dəniz özüllərinin əsaslı təmiri yekunlaşmaq üzrədir. **
N.Abbasova