2017-ci ilin yanvar-may aylarında Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 mln. 37 min sərnişinə xidmət göstərib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 34% çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) məlumatında qeyd edilir.
“Heydər Əliyev Beynəlxalq Hava Limanı 2017-ci ilin yanvar-may aylarında 1,37 mln. sərnişinə xidmət göstərib. 85% beynəlxalq reyslərin payına düşür. Hava limanının beynəlxalq daşımaların ümumi payının 48,3%-i "Azərbaycan Hava Yolları"-nın, 51,7 faizi xarici aviadaşıyıcıların payına düşüb”, - deyə məlumatda deyilir.
Bu dövrdə AZAL milli aviadaşıyıcısının payına sərnişinlərin ümumi sayının 767 min nəfəri düşüb ki, bunun da 204 min nəfəri daxili reyslərlə Naxçıvan, Gəncə və Qəbələyə daşınıb.
“May ayında 315 min sərnişinə xidmət göstərilib. Azərbaycanda "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də ötən ay sərnişin dövriyyəsinin xeyli artmasına təsir göstərib”, - deyə məlumatda qeyd olunub.
Hazırda Heydər Əliyev BeynəlxalqHava Limanı 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir. Cari ilin payızından Azərbaycanın aşağı büdcəli aviaşirkəti “Buta Airways”in uçuşları gözlənilir.
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Heydər Əliyev Beynəlxalq Hava Limanı illik 9 mln. sərnişinə xidmət üçün nəzərdə tutulub. **
N.Abbasova