Quba rayonunda yerləşən “Soyqırımı memorial kompleksi”nin vəziyyətinin öyrənilməsi məqsədilə yaradılan komissiya öz işinə başlayıb.
Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun başçılığı ilə komissiya üzvləri iyunun 9-da Qubaya gəliblər. Burada komissiyanın birinci iclası keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün Komissiya yaradılıb.
“Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin son vaxtlar təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsinin qarşısının alınması məqsədilə komissiya araşdırmanın nəticələri və görüləcək işlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidir.*
F.İsazadə