Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabad və Bakı arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatda inkişaf etdiyini qeyd edir.
“Hazırda ölkələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq qurumlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülən qlobal təşəbbüslərin və təkliflərin qarşılıqlı dəstəklənməsi buna sübutdur”, - deyə Q.Berdiməhəmmədovun Türkmənistan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümü münasibətilə prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirilir.
Təbrik məktubunun mətni Azərbaycan prezidentinin saytında dərc edilib.
Türkmənistan prezidenti vurğulayıb ki, ölkələrimiz arasında ikitərəfli dostluq əlaqələri və qarşılıqlı faydalı tərəfdaşlıq yüksələn xətt üzrə durmadan genişlənməkdə davam edir. “Türkmənistan-Azərbaycan ticari-iqtisadi münasibətləri dinamik inkişaf edir. Ticari-iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Azərbaycan Hökumətlərarası Komissiyanın fəaliyyəti bu inkişafa çox kömək edir. Bundan başqa, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq da uğurla genişlənir”, - deyə o qeyd edib.
Q.Berdiməhəmmədov Türkmənistanın ölkələrimiz arasında siyasi, iqtisadi, mənəvi-mədəni əlaqələri bundan sonra da genişləndirmək niyyətində olduğunu bildirib.*
F.İsazadə