Azərbaycanın hüquq-mühafizə orqanları "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verən şəxsi saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“İyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib”, - deyə məlumatda deyilir.
Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.
“Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanılıb”, - deyə məlumatda vurğulanır. **
R.Babayev