Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı ildə xarici banklarda depozitlərə investisiya portfelini 2,1 dəfə - 3 mlrd. 758,908 mln. manat artırıb. Bu barədə ARDNF-in 2016-cı il üzrə hesabatında deyilir.
Fondun saytında dərc edilmiş hesabata əsasən, ARDNF 2016-cı ildə Türkiyənin 4 bankı və Azərbaycan Beynəlxalq Bankında, 2015-ci ildə isə Türkiyə 4 bankında depozitlərə malik olub.
31 dekabr 2016-cı il tarixinə “Turkiye Garanti Bankasi”nda depozitlər 637,988 mln. manat (artım 8,6 dəfə), “Turkiye Is Bankasi A.S. Istanbul”da - 637,977 mln. manat (artım 9,2%), “T.C.Ziraat Bankasi”nda – 429,025 mln. manat (artım 10,4%), “Akbank T.A.S.”da – 280,168 mln. manat (artım 19,8%), Azərbaycan Beynəlxalq Bankında - 1 mlrd. 773,75 mln. manat təşkil edir.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova