İyunun 12-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
“Tərəflər regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də təcrübə mübadiləsi məqsədilə mütəxəssis heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, müxtəlif qoşun növlərinin iştirakı ilə hər iki ölkədə hərbi təlimlərin keçirilməsi və digər maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindənverilən məlumatda bildirilir.
Z.Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişlənərək inkişaf etdiyini vurğulayıb.
Azərbaycana növbəti səfərindən məmnunluq hissi keçirdiyini bildirən ordu generalı S.Çolak Naxçıvanda keçirilən birgə taktiki təlimlərin əhəmiyyətini qeyd edərək Azərbaycanın Türkiyənin vacib tərəfdaşı olduğunu vurğulayıb.
Görüşün sonunda iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Türkiyə Respublikası Quru Qoşunları komandanı, ordu generalı S.Çolak Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.*
F.İsazadə