Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) “Cənub Qaz Dəhlizi” layihəsini maliyyələşdirməkdə maraqlıdır. Bunu bankın prezidenti İhsan Uğur Delikanlı bu gün Bakıda biznes və bank dairələri üçün keçirilən təqdimatda deyib.
"Ümidvaram ki, Azərbaycan hökuməti və layihənin digər tərəfdaşları bizim layihədəki iştirakımızı nəzərdən keçirəcəklər”, - deyə o bildirib.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri $40 mlrd. təşkil edir.
Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.*
A.Axundov