Azərbaycan Xarici İşlər Nazirliyi xarici ölkə vətəndaşlarını Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlərdən çəkinməyə çağırır.
"Bu il 14-17 sentyabr tarixlərində Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi planlaşdırılır. Ermənistanın İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək konfransın məqsədi guya gənc mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir.Adətən bu kimi tədbirlərin əsas iştirakçılarını əsasən Ermənistan vətəndaşları və digər ölkələrdən olan iki-üç nəfər erməni əsilli şəxslər təşkil etsə də, burada Ermənistanın əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir.
“Biz vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırırıq. Bununla yanaşı, Azərbaycan tərəfi beynəlxalq gənclər təşkilatlarını Ermənistanın bu növbəti təxribatı barədə məlumatlandıracaq”, - deyə XİN rəsmisi vurğulayıb.*
A.Əzizov