Prezident İlham Əliyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria qarşılıqlı ticarət dövriyyəsinin artırılması məsələlərini müzakirə ediblər.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyev iyunun 13-də Bakıda G.Qaxaria ilə görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması yollarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
O, qeyri-enerji, ticarət və digər sahələrdə də əlaqələrin genişləndirilməsi imkanlarının araşdırılmasının zəruriliyini də qeyd edib.
Prezident İ.Əliyev ölkələrimizin nəqliyyat, energetika sahələrində qlobal layihələri uğurla həyata keçirdiyini diqqətə çatdırıb.
İqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini deyən gürcüstanlı nazir G.Qaxaria bu ilin dörd ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin 49 faiz artmasını bunun çox yaxşı göstəricisi kimi dəyərləndirib.
“Görüşdə iki ölkə arasında ticarət, investisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.*
A.Əzizov