2017-ci il may ayının 1-nə olan vəziyyətə görə, cari ilin yanvar-aprel aylarında banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 6% - 15 mlrd. 453,5 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2017-ci il mayın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 594 mln. manat (azalma 2,4%) və ya bütün kreditlərin 8,2%-ni təşkil edir.
2017-ci il mayın 1-nə dövlət payına malik olan banklar tərəfindən 5 mlrd. 383,7 mln. manat (azalma 6,4%) və ya bütün kreditlərin 34,8%-i, özəl banklar tərəfindən 9 mlrd. 670,6 mln. manat (azalma 5,4%) və ya bütün kreditlərin 62,6 %-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Yanvarın sonuna verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 406,8 mln. manat (azalma 3%) milli valyuta, 8 mlrd. 298,3 mln. manat (artım 6,6%) xarici valyuta ilə verilib. Yanvar ayının yekunları üzrə xarici valyutada kreditlərin xüsusi çəkisi 2016-cı ilin yekunları üzrə 47,3%-ə qarşı 49,7% təşkil edir.
Cari ilin may ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 198,9 mln. manat (bütün kreditlərin 14,2%-i) ticarət və xidmət sahəsinin, 549,2 mln. manat (3,6%) energetika, kimya və təbii sərvətlər sektorunun, 449 mln. manat (2,9%) kənd təsərrüfatı və emal sahəsinin, 1 mlrd. 863,7 mln. manat (12,1%) daşınmaz əmlak sahəsinin, 1 mlrd. 209,3 mln. manat (7,8%) sənaye və istehsalat sektorunun, 1 mlrd. 208,9 mln. manat (7,8%) nəqliyyat və rabitə sahəsinin, 5 mlrd. 230,2 mln. manat (33,8%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb.
Bununla belə, yanvar-aprel aylarında ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə bankların portfeli 10,7% azalıb.**
A.Axundov