Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası artıq başa çatıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.
Xüsusilə, Azərbaycan prezidenti yeni salınan kənd yolunun açılışında iştirak etdi. Dövlət başçısına məlumat verildi ki, yolun ümumi uzunluğu 9 kilometr, eni 12 metrdir.
Sonra İ.Əliyev Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı kənd sakini Oqtay Həziyevin evində oldu. Birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.
Daha sonra dövlət başçısı yeni inşa olunan 96 şagird yerlik məktəblə tanış oldu.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Prezident İlham Əliyevə məlumat verdilər ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən görülən işlər nəticəsində kənddə küçələrdə işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, 100 kubmetrlik su anbarı inşa edilib.
Dövlət başçısı Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscidlə tanış olub.
Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin əhalisinin əksəriyyəti yığcam şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıb. Respublikanın 17 şəhər və rayonunda müvəqqəti yaşayan həmin ailələrdən 250-dən çoxu müraciət edərək öz yurdlarına qayıtmaq arzusunda olduqlarını bildiriblər. **
F.İsazadə