Bakı ATƏT-in Minsk qrupunun həmsədrlərindən Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşma gözləyir. Bu barədə baş nazirin müavini Əli Əhmədov bəyan edib.
“Bizim ATƏT Minsk qrupu həmsədrlərinin səfərindən gözləntimiz bundan ibarətdir ki, onlar ədalətli qərar qəbul edilməsi üçün daha səylə çalışmalı, vəzifələrini yalnız regiona gəlib-getməklə bitmiş hesab etməməlidir”, - deyə o, jurnalistlərlə söhbət zamanı bildirib.
Baş nazirin müavini qeyd edib ki, ATƏT-in Minsk qrupunun uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq, hələ də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün lazımı addımlar atılmayıb. “Düzdür, müəyyən işlər görürlər, mən bunların işinə tamamilə ədalətsiz demək istəməzdim. Amma məsələnin həll olunması, bizim məcburi köçkünlərin həyatının yaxşılaşdırması üçün əsas işlər görülməyib. Torpaqlarımız işğaldan azad olmayıb, qaçqın və köçkünlər öz yurdlarına qayıtmayıb. Bu yaxınlarda bəyanatlar səsləndiriblər. Amma əsas bəyanat ondan ibarət olmalıdır ki, bu problem həllini tapsın. Bu münaqişə həddindən çox uzandı, bunun uzanması da bir yandan insanlara qarşı ədalətsizliyin davam etməsi, digər tərəfdən isə regionda təhlükəsizliyə təhdidin artması deməkdir”, - deyə Ə.Əhmədov vurğulayıb.*
R.Babayev