Avropa İttifaqı (Aİ) Azərbaycanda siyasi sabitlikdə maraqlıdır. Bunu Avropa İttifaqınınAzərbaycandakınümayəndəliyinin birinci müşaviri, nümayəndəliyin siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin rəhbəri Denis Daniilidis deyib.
"Siyasi sabitlik bizim üçün həm də biznes sahədində əməkdaşlıq nöqteyi-nəzərindən vacibdir", - deyə o, bu gün Bakıda keçirilən “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Aİ-nin Azərbaycanla bağlı siyasəti əvvəlki illərlə müqayisədə dəyişib. "Avropa İttifaqı başa düşür ki, biz əməkdaşlıq etməliyik. Bütün tərəfdaşları eyniləşdirmək olmaz. Bizim ikitərəfli münasibətlərimiz energetika və Qarabağ münaqişəsi məsələləri ilə məhdudlaşmayıb, bu, keçmişdə belə idi. Aİ bu gün Azərbaycanla uzunmüddətli əsasda əməkdaşlıq edir. Azərbaycan bizim üçün mühüm tərəfdaşdır", - deyə D.Daniilidis qeyd edib.
Diplomat əlavə edib ki, ötən həftə Aİ və Azərbaycan arasında strateji əməkdaşlığa dair sazişlə bağlı danışıqların növbəti raundu, həmçinin biznes forum yüksək səviyyədə keçirilib ki, bu da qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən xəbər verir.
O vurğulayıb ki, Azərbaycan mədəniyyətlərarası dialoq məsələlərində Avropa İttifaqı üçün mühüm rol oynaya bilər.*
F.İsazadə