Cənubi Qafqaz ölkələrinin hər biri özünün inkişaf yolunu seçib. Bunu
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bəyan edib.
“Regionun hər üç dövləti müxtəlif inkişaf yolunu seçib: Gürcüstan Avro-Atlantik hərbi-siyasi və iqtisadi məkana yönəlib, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birlik və Gömrük İttifaqına inteqrasiya olunur. Azərbaycan isə ikitərəfli əməkdaşlıq formatını əsas tutaraq, heç bir hərbi-siyasi və iqtisadi ittifaqa qoşulmadan, dünyanın geosiyasi mərkəzləri ilə bərabər hüquq əsasında qarşılıqlı səmərəli əlaqələr qurur”, - deyə F.Məmmədov “Caucasus İnternational” jurnalının nəşrinin 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu regionun heç bir qonşu dövləti Cənubi Qafqazın üç ölkəsi ilə eyni zamanda həmsərhəd deyil.
“Beləliklə, region ilə qonşu ölkələr Cənmubi Qafqaz dövlətlərinin biri ilə səmərəli əməkdaşlıq qurmaq məqsədilə üçüncü ölkənin ərazisindən istifadə etməlidirlər. Bu isə əlaqələrdə qarşılıqlı asılılıq prinsipini nəzərdə tutur. Göründüyü kimi, Cənubi Qafqazla həmsərhəd ölkələrin bütün regiona ayrı-ayrılıqda təsir göstərmək imkanları məhduddur. Bununla yanaşı, həmin ölkələrin hər birinin regiondan öz gözləntiləri var”, - deyə F.Məmmədov vurğulayıb.
O vurğulayıb ki, Cənubi Qafqaz ölkələrinin arzusundan asılı olmayaraq, regionda güc mərkəzlərinin qarşıdurması baş verir. “Bizim istəyimizdən asılı olmayaraq, bu region geosiyasi nifaq xəttində yerləşir. Burada geosiyasi güc mərkəzlərinin qarşıdurması baş verir. O cümlədən, regionun həmin güclər tərəfindən rəqabət məkanına çevrilməsi təhlükəsi gündəmdədir”, - deyə SAM direktoru bildirib.
“Cənubi Qafqaz ölkələri böyük qonşuların planlarına müxtəlif cür reaksiya verirlər, daxili imkanlarını özlərinin milli maraqlarının təminatına yönətlməyə çalışırlar”, - deyə o əlavə edib.
F.Məmmədov əmindir ki, Suriya münaqişəsinin həllində fikir ayrılığıa baxmayaraq, Ankara, Moskva və Tehran bu məsələdə mövqelərinin yaxınlaşmasına səy göstərirlər. “Regionun qonşu öıkələri arasında rəqabətdə gərginliyin azalması ümidvericidir. Astana danışıqlarının inkişafı prinsipial fərqlərin olmasına baxmayaraq, İran, Türkiyə və Rusiyanın Suriyaya dair planlarında konkret istiqamətlər üzrə mövqelərin yaxınlaşması üzrə real addımlar atdıqlarınlı nümayiş etdi”, - deyə o vurğulayıb. **
F.İsazadə