Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və İrəvanın işğala əsaslanan status-kvonu saxlamaq siyasəti münaqişənin həllində irəliləyişə nail olmağa imkan vermir.Bunu xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi region üçün əsas təhdiddir. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və İrəvanın işğala əsaslanan status-kvonu saxlamaq siyasəti münaqişənin həllində irəliləyişə nail olmağa imkan vermir”, - deyə nazirliyin məlumatına görə, E.Məmmədyarov Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşdə bildirib.
E.Məmmədyarov Azərbaycan-Avropa İttifaqı arasında tərəfaşlıq saziş layihəsi üzrə danışıqların konstruktiv və intensiv şəkildə aparılmasının müsbət hal olduğunu dedi və danışıqların bu mərhələsində əsasən siyasi və ticarət məsələlərinin müzakirə olunduğunu qeyd etdi.
“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır”, - deyə nazir vurğulayıb.
E.Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi Aİ tərəfindən həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırdı.
Y.Han Aİ ilə Azərbaycan arasında nəqliyyat, ticarət, uzlaşma və enerji sahəsində praqmatik və praktiki əsaslı əməkdaşlığın mövcud olduğunu bildirdi.
Tərəflər Aİ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi apardılar. **
R.Babayev