2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin sayı 0,3% və ya 26,714 min nəfər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Mayın 1-nə respublika əhalisinin sayı 9 mln. 836,695 min nəfərə çatıb.
Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 114 nəfərdir.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.
Yanvar-aprel aylarında ölkə üzrə 46,996 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 52,8%-i oğlan, 47,2%-i isə qız uşaqlarından ibarətdir. Körpələrin 836-sı əkiz, 18-i isə üçəm doğulanlardır.
Qeyd olunan dövrdə 20,684 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6,5 təşkil edib.
Yanvar-aprel aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 18,229 min nikah və 4,896 min boşanma halı qeydə alınıb.
Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 850 nəfər gələn və 448 nəfər ölkədən gedən qeydə alınıb.*
R.Babayev