ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllinə dair ortaq mövqeyə gəlməsələr, Dağlıq Qarabağda müharibə qaçılmazdır. Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov bəyan edib.
"Hesab edirik ki, istənilən formatda keçirilən hər bir görüş ortaq mövqelərin tapılmasına xidmət edir və bu mövqelər gec-tez tapılacaq. Əks təqdirdə, müharibə, Dağlıq Qarabağ və işğal altında olan digər torpaqların Azərbaycan ordusu tərəfindən azad olunacağı qaçılmazdır", - deyə Ə.Həsənov jurnalistlərə bildirib.
ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Bakıda səfərdədirlər.
Ə.Həsənov hesab edir ki, həmsədrlərin regiona səfəri cari vəziyyətin aydınlaşdırılması, tərəflərin mövqelərinin bir daha araşdırılmasına və bu mövqelərin yaxınlaşdırılmasına xidmət edir.
Onun sözlərinə görə, rəsmi Bakı həmsədr ölkələrin və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı fərqli mövqelərini də anlayır, lakin əsas məsələ beynəlxalq hüququn pozulmaz prinsipi olan ərazi bütövlüyü məsələsidir ki, biz ondan heç vaxt vaz keçməyəcək. “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının bir qarışını da heç kimə güzəştə getməyəcək. Biz eyni zamanda bölgədə konstruktiv sülhə nail olmağa hazırıq", - deyə Ə.Həsənov qeyd edib.
O bəyan edib ki, Azərbaycanın mövqeyi həmsədrlərə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Şurasına, bütün dünya ictimaiyyətinə çatdırılıb.
“Bu mövqe ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qaytarılmalı, münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüquq normalarına əməl olunmalıdır", - deyə Ə.Həsənov vurğulayıb. **
F.İsazadə