Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinə tərəfdardır. Bunu Bakıda jurnalistlərə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
"ATƏT-in Minsk qrupu münaqişə tərəfləri arasında siyasi dialoqun davam etdirilməsinə ümid edir. Siyasi dialoqun bərpası ilə bağlı biz həm Bakı, həm də İrəvanda müzakirələr aparmışıq. Bu müzakirələr nəticəsində belə qənaətə gəlmək olar ki, hər iki ölkənin prezidenti sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır", - deyə o bildirib.
Diplomat Minsk qrupunun cəbhədə gərginliyin artması ilə əlaqədar narahatlığını diqqətə çatdırıb. "Həmsədrlər cəbhə xəttindəki son gərginliklə bağlı çox təəssüf edir”, - deyə İ.Popov vurğulayıb.
Vasitəçi cəbhədəki son gərginliyi Azərbaycan prezidenti və müdafiə naziri ilə müzakirə etdiklərini deyib. "Həmsədrlərin regiona səfəri öncəsi cəbhədə atəşkəs rejiminin ciddi şəkildə pozulması hallarının baş verməsinə çox təəssüf edirik. Əlimizdən gələni etməliyik ki, oxşar hadisələr yenidən təkrarlanmasın. Gərginliyin aşağı salınması üçün əlimizdən gələni edəcəyik", - deyə o bildirib.
Son bəyanatlarının hər iki tərəfə ünvanlandığını deyən rusiyalı həmsədrin sözlərinə görə, əsas ismarıc təmas xəttində gərginliyin azaltmasına yönəlib.*
R.Babayev