Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı səsvermə prosesi başlayıb və iyulun 18-də başa çatacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bank xarici kreditorlardan daxil olmuş müəyyən təklifləri nəzərə alıb və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla restrukturizasiya planında bəzi dəyişikliklər edib.
“Azərbaycan Respublikası tərəfindən buraxılacaq yeni istiqrazların ödəniş şərtlərində dəyişiklik edilib. Kreditorlara müxtəlif şərtli dövlət istiqrazlarını seçmək imkanı verilir. Kreditor xüsusi vəkalət forması və ya səsvermə prosedurundan istifadə etməklə təklif olunan fərqli seçimlərdən istifadə edə biləcək. “İlk gələn - ilk seçən” mexanizmi də “ilk 11 iş günü müraciət” edənlərin üstünlüyü mexanizminə dəyişdirilib”, - deyə bankdan qeyd ediblər.
Subordinasiya xarakterli və digər (ticarətin maliyyələşdirilməsi üzrə əqdlər istisna olmaqla) öhdəliklər üzrə faizlərin təmin edilməsi hesablanmış faizlərlə bağlı tələb hüququ yalnız könüllü restrukturizasiya planının lehinə səs verən iddiaçılara aid olacaq.
“Borclar üzrə faizlər 1 sentyabr 2017-ci il tarixinə qədər (əvvəlcə 13 iyul 2017-ci il müəyyən edilmişdi) hesablanacaq və restrukturizasiya planının bir hissəsi kimi buraxılan yeni istiqrazlar üzrə faizlərin hesablanması da bu tarixdən başlanacaq. 1 sentyabr tarixinə qədər sözügedən öhdəliklərlə bağlı hesablanmış faiz ödənişləri müvafiq paylanma tarixində nağd olaraq iddiaçılara ödəniləcək”, - deyə bankdan qeyd olunub. **
A.Əzizov