“Azərbaycan Hava Yolları" QSC (AZAL) Paris aviasalonunda təxminən 918 mln. dollar həcmində qiymətləndirilən dörd "Boeing 787-8 Dreamliner" təyyarəsi almağı planlaşdırır. Bu barədə QSC-dən məlumat verilib.
“Təyyarələrin sifarişi və Azərbaycana tədarük tarixləri barədə məlumat tamamilə təsdiqləndikdən sonra "Boeing" korporasiyasının rəsmi saytında yerləşdiriləcək”, - deyə məlumatda deyilir.
AZAL-In prezidenti Cahangir Əsgərov bildirib ki, "Yeni "787-Dreamliner" təyyarələrinin sifarişi barədə qərar şirkətə gələcək inkişaf üçün böyük imkanlar açır. “Biz MDB məkanında aparıcı aviadaşıyıcılardan biri olaraq, müasir "Boeing 787" təyyarələrinin bizə təqdim etdiyi imkanlar sayəsində marşrut şəbəkəmizin genişləndirilməsini səbirsizliklə gözləyirik", - deyə məlumatda C.Əsgərovun sözlərindən sitat gətirilir.
Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə "Azərbaycan Hava Yolları" 2 milyondan çox sərnişin daşıyıb.
AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Hazırda aviaşirkətin donanmasına iki "Boeing 787-Dreamliner" təyyarəsi, həmçinin "Boeing 767" və "Boeing 757" təyyarələri daxildir. **
N.Abbasova