Azərbaycan hökuməti 2017-ci ilin dövlət büdcəsinə dəyişikliklərin layihəsini parlamentə təqdim edəcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə parlamentdəki mənbə məlumat verib.
"Dəyişikliklər layihəsi hələ parlamentə təqdim edilməyib və hazırda onların mahiyyəti barədə danışmaq çətindir. Bu dəyişikliklərə parlamentin iyunun 30-da keçiriləcək sonuncu iclasında baxılması planlaşdırılır", - deyə mənbə qeyd edib.
Maliyyə Nazirliyinin operativ məlumatlarına görə, yanvar-may ayları ərzində dövlət büdcəsinin kəsiri 388,4 milyon manat və ya ÜDM-nin 1,5%-i səviyyəsində olub.
Bu dövrdə dövlət büdcəsinin gəlirləri 6 milyard 335,7 milyon manat, xərcləri 6 milyard 724,1 milyon manat təşkil edib.
Cari ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 16,2%, xərcləri 26,5% artıb.
2017-ci ildə dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri 16 milyard 900 milyon manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 645 milyon manat və ya ÜDM-nin 1,05%-i səviyyəsində proqnozlaşdırılır.*
A.Əzizov