Azərbaycanda radikalizm, fundamentalizm yoxdur. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlətdir. Azərbaycanda radikalizm, fundamentalizm yoxdur, daxildə hər hansı təhlükə mənbəyi yoxdur”, - deyə İ.Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində bildirib.
Prezidentin sözlərinə görə, bunun səbəbi cəmiyyətdə mövcud olan ab-havadır. “Radikalizm, terrorizm harada canlanır, harada baş qaldırır?! O ölkələrdə ki, savadlılıq yoxdur. O ölkələrdə ki, sosial ədalət pozulur. O ölkələrdə ki, ədalətsizlik mövcuddur və səfalət yaşanır. Ona görə radikalizmə qarşı ən gözəl sığorta sosial ədalətdir, maddi rifahdır, savadlılıqdır, düzgün siyasətdir. Bu amillər olan yerdə radikalizm üçün heç bir əsas yoxdur. Düzdür, kənardan ölkəmizə müdaxilə oluna bilər”, - deyə dövlət başçısı qeyd edib.
Prezident bildirib ki, Azərbaycan xalqının rahat həyatını təmin edən “kifayət qədər güclü dövlətdir”.
“Xarici siyasət məsələlərinin həllinə gəldikdə, bu gün Azərbaycanın dünya miqyasında o qədər böyük nüfuzu var ki, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident bəyan edib ki, Azərbaycan sivilizasiyalararası dialoqun inkişafında əvəzolunmaz rol oynayır və bundan sonra da oynayacaq. “Bu, bir növ bizim məsuliyyətimizdir, eyni zamanda, bu, bizə lazımdır. Biz istəyirik ki, Azərbaycanda dinlərarası münasibətlər həmişə indiki kimi olsun. Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri həmişə bir ailə kimi yaşasın, necə ki, bu gün yaşayırlar. Bax, bizim siyasətimiz bundan ibarətdir”, - deyə İ.Əliyev bildirib. **
R.Babayev