Nazirlər Kabineti “Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” qərar verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Qərara əsasən elmi tədqiqat institutlarının nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, məşğul olmasına yol verilən aşağıdakı sahibkarlıq fəaliyyəti növləri müəyyən edilib: təcrübə-konstruktor, elmi layihələndirmə işlərinin həyata keçirilməsi; elmi nailiyyətlərin tətbiqi yolu ilə elmtutumlu məhsulların istehsalı və satışı; kitabxana, nəşriyyat və kitab satışı xidmətləri; məsləhət-konsaltinq xidmətləri.
Bundan başqa, elmi tədqiqat institutları ödənişli laboratoriya testləri və sınaq işləri; layihə və müsabiqə sənədlərinin hazırlanması; elmi-praktiki tədbirlərin təşkili, sistem və şəbəkə dəstəyi xidmətləri; informasiya xidmətləri; sifarişlər əsasında elmi araşdırma və tədqiqatların aparılması, ekspert rəyinin verilməsi; elmi tədqiqat institutunun fəaliyyət istiqamətlərinə zidd olmayan işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə məşğul ola bilərlər. **
R.Babayev