Azərbaycanda 10-a yaxın bankın kapitalı tənzimləyici tərəfindən müəyyən edilmiş normalara cavab vermir. Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev jurnalistlərə bildirib.
“Beynəlxalq standartlarə əsasən aparılan auditin nəticələrinə əsasən, kapitalı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş normalara cavab verməyən bankların sayı təxminən 10-a yaxındır (50 mln. manat - İF). Yerli maliyyə hesabatlılığına əsasən, bu cür bankların sayı azdır", - deyə Z.Nuriyev qeyd edib.
ABA prezidenti bildirib ki, Azərbaycanda bankların konsolidasiyası „qaçılmaz prosesdir“.
Bundan öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, kapital çatışmazlığı ilə üzləşən beş bank tənzimləyicinin nəzarətinə götürülüb. Həmin bankların kapitallaşma proqramları cari ilin ortalarına qədər icra olunmalıdır.
Hazırda Azərbaycanda 31 bank fəaliyyət lisenizyasına malikdir. **
A.Axundov