Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçiriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər”, - deyə məlumatda deyilir.
Məlumata əsasən, müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.
“Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub”, - deyə məlumatda qeyd edilir.
İyunun 19-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.
Təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.
Təlimlər iyunun 24-də başa çatacaq. **
F.İsazadə