«Red Bull Racing»in pilotları Daniel Rikkyardo və Maks Ferstapen bu istirahət günləri Bakıda keçiriləcək Azərbaycan Qran-Pri yarışlarında uğurla çıxış edəcəklərinə ümid edirlər.
“Son üç yarışda podiuma çıxmağa müvəffəq oldum. Bu uğuru Bakıda da təkrarlayacağıma ümid edirəm. Bu il əldə etdiyimiz nailiyyətləri inkişaf etdirməliyik”, - deyə D.Rikkyardo bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
O, “Baku City Circuit” trassını unikal, çox mürəkkəb və eyni zamanda maraqlı adlandırıb. “Bəzi döngələr Valensiyadakı şəhər trassını xatırladır. Bakıda trassa unikal, çox sürətlidir. Burada yarışmaq çox maraqlıdır”, - deyə o vurğulayıb.
“Risk etsək, yüksək nəticələr nümayiş edə bilərik”, - deyə pilot bildirib.
O, «Red Bull Racing»in əsas rəqiblərinin «Mercedes» və «Ferrari» komandaları olduğunu açıqlayıb.
“Bolidlər geniş olduğundan ötən ilin rekordunu keçə biləcəyimizi düşünmürəm. Təhlükəli döngələri ötə bilmək üçün maşını ehtiyatla sürmək lazım olacaq. Yeni rekordun əldə olunacağını da istisna etmək olmaz”, - deyə D.Rikkyardo qeyd edib.
Onun sözlərinə görə, bu, bir çox hallarda külək və digər amillərdən asılıdır.
M.Ferstapen tezliklə yarış ab-havasına baş vurmaq istədiyini bildirdi. “Burada qələbə üçün yeni imkanlar aşkar etmək istəyirik”, - deyə o vurğulayıb. **
R.Babayev