Azərbaycan prezidenti İlham Əliyev Bakı və Kişinyov arasında münasibətlərə dinamizm verməyin zəruri olduğunu hesab edir.
İ.Əliyev bu gün Moldova prezidenti İqor Dodon ilə görüşdə bu səfərin əməkdaşlığımızın möhkəmləndirilməsində çox mühüm addım olacağına əminlik ifadə edib.
“Təbii ki, bu gün biz münasibətlərimizin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq. Həm siyasi dialoq sahəsində, həm də ticari-iqtisadi sahədə bizim münasibətlərimizə dinamizm vermək lazımdır. Potensial var, hansı məsələlərə diqqət yetirməyin lazım olduğunu bilirik”, - deyə İ.Əliyev bildirib.
Azərbaycan prezidenti qeyd edib ki, səfərin yekunlarına əsasən müvafiq dövlət qurumlarına bütün zəruri tapşırıqlar veriləcəkdir ki, hər istiqamət üzrə təbirlər planı müəyyən edilsin və həmin plan reallaşdırılsın
O, həmçinin vurğulayıb ki, tərəflər regional problemlərə dair fikir mübadiləsi aparıblar.
“Bugünkü fikir mübadiləsi onu göstərir ki, baş verən hadisələrə bizim yanaşmalarımız və qiymətləndirmələrimiz arasında ümumi cəhətlər çoxdur”, - deyə İ.Əliyev əlavə edib.
İ.Dodon, öz növbəsində qarşılıqlı ticarət dövriyyəsinin artırılması məqsədilə Moldova və Azərbaycan sahibkarları arasında əlaqələrin intensivləşməsinə ümid edir.
“Bizim ticarət sahəsində müsbət dinamika var. Ötən il bu sahədə artım 30%-dən çox olub. Lakin ticarətin həcminin 5 mln. dollara yaxın olması çox kiçik göstəricidir. Ümidvaram, hökumətlərarası komissiya çərçivəsində bizim biznesmenlərin də buraya, Bakıya səfərini təşkil edə biləcəyik ki, onlar özlərinin potensial tərəfdaşları ilə görüşsünlər”, - deyə İ.Dodon bildirib.
O, həmçinin bu il hər iki tərəfdən müxtəlif nazirlər səviyyəsində görüşlərin keçiriləcəyinə ümidvar olduğunu qeyd edib. “Hər halda daha fəal əməkdaşlıq etmək üçün bilavasitə konkret layihələr, konkret addımlar nəzərdən keçiriləcək”, - deyə Moldova prezidenti vurğulayıb.
İ.Dodon prezident İ.Əliyev ilə görüşünü çox vacib hesab edir və xatırladıb ki, son 8-10 ildə yüksək səviyyədə görüş keçirilməyib. “Bu gün biz ali siyasi səviyyədə ikitərəfli münasibətlərimizə yeni təkan verəcəyik”, - deyə o bildirib.
Moldova prezidentineçə il ərzində Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının Moldova tərəfdən rəhbəri olduğunu xatırladıb. “Bizim çox böyük potensialımız var və mən çox ümid edirəm ki, ali səviyyədə görüşün nəticələrinə əsasən ən yaxın vaxtda hökumətlərarası komissiyanın işinə də yeni təkan verəcəyik”, - deyə o qeyd edib. **
F.İsazadə