Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 50 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Bu vəsaitlər 653 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə yönəldilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 2000-ə yaxın yeni iş yeri açılıb.
SKMF sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi istiqamətində növbəti işgüzar forumunu Quba rayonunda keçirib.
Ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2380 investisiya layihəsinin maliyyələşdirilməsinə 186,2 mln. manat güzəştli kredit verilib.
“İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq və bağçılıq təsərrüfatlarının, istixana kompleksinin genişləndirilməsinə, tikinti materiallarının istehsalına və s. sahələrə yönəldiləcək”, - deyə məlumatda vurğulanır.*
N.Abbasova