Azərbaycan prezidenti İlham Əliyev “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”fərman imzalayıb.
Düzəlişlərin mətni dövlət başçısının saytında dərc olunub.
Qanunda dəyişikliklərə əsasən, abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) başqa şəxslərə daimi istifadə üçün, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədi ilə kirayəyə verilməsinə qadağa qoyulur.
Həmçinin, abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması nəzərdə tutulur.
Bundan başqa, müqavilə Azərbaycan Respublikasının dövlət dilində bağlanılmalı və həmin müqaviləyə abunəçinin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surəti əlavə olunmalıdır.
O cümlədən, mobil telekommunikasiya xidməti göstərən operatorlar şəbəkələrində rouminq rabitəsində olan xarici istifadəçilərə aid qeydiyyata alınmış bütün məlumatların ən azı bir il müddətində saxlanılmasını təmin etməlidirlər. **
N.Abbasova