Xətai rayonu ərazisində yerləşən “Ailə TV” kabel televiziyasının ofisinə silahlı basqın faktı ilə bağlı cinayət işi açılıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında deyilir.
Fakta görə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.
15 mart 2017-ci il tarixində 3 nəfər naməlum şəxs “Ailə” şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat (2 min ABŞ dollarından çox) məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıb.
“Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən üç nəfərdən biri, Bakı şəhər sakini Kamran Süleymanov tutularaq istintaqa cəlb edilib”, - deyə məlumatda bildirilir.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.*
F.İsazadə