2017-ci ildə Azərbaycan hökuməti Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nizamnamə kapitalının ödənişinə 546 mln. manat məbləğində vəsait yönltəməyi planlaşdırır.
ADIF-in kapitalına ödəniş iyunun 30-da parlamentin plenar iclasında baxılacaq 2017-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsində nəzərdə tutulub.
“Bu vəsait bağlanan 11 bankın əmanətçilərinə kompensasiyaların ödənişi üçün cəlb olunan vəsaitin qaytarılması məqsədilə sərf olunacaq”, - deyə hökumətdən məlumat verilib.
Bundan öncə ADIF-in icraçı direktoru Azad Cavadov məlumat verib ki, 2017-ci ilin fevral ayında hökumət Fondun kapitalına 10 illik müddətə faizsiz əsasda 800 mln. manat məbləğində veksel daxil edib. Beləliklə, Fondunun nizamnamə kapitalı 800 mln. manat təşkil edir.
“İstənilən zaman hökumətə müraciət edərək bu məbləği nağdlaşdıra bilərik”, - deyə A.Cavadov bildirib.
Ötən il Fond AMB-dən 4 il müddətinə illik 7% dərəcə ilə 100 mln. manat və 10 il müddətinə illik 0,15% dərəcə ilə 445 mln. manat cəlb edib. Bu vəsait 2016-cı ildə bağlanan bankların əmanətçilərinə kompensasiyaların ödənişi məqsədilə cəlb olunub.
Sonra hökumət 520 mln. manat ümumi məbləğdə kreditləri təkrar strukturlaşdırıb. Həmin kreditləri 10 il müddətinə ödəmək şərti ilə faizsiz əsasa çevirib. Qalan 25 mln. manat məbləğində kredit 10 il müddətinə 0,15% dərəcə ilə ödəniləcək. **
A.Axundov