Azərbaycan və Kosta Rika xarici işlər nazirləri Elmar Məmmədyarov və Manuel Qonzalez Sanz ikitərəfli iqtisadi-ticarət və humanitar əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
“Nazirlər cümə günü Bakıda keçirilən görüşdə iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd ediblər və bu xüsusda işgüzar dairələr arasında birbaşa təmasların təşviq edilməsinin vacibliyini vurğulayıblar”, - XİN-in məlumatında deyilir.
M.Qonzales Sanz Kosta Rikanın Azərbaycana təyin olunan müvəqqəti işlər vəkilini təqdim edib.
Öz növbəsində, E.Məmmədyarov Kosta Rikanın Azərbaycanda səfirlik təsis etmə qərarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Nazirlər hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni bir təkan verəcəyinə əminlik ifadə ediblər.
“XİN başçıları Azərbaycan və Kosta Rikanın bir-birlərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Onlar həmçinin gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıblar”, - məlumatda vurğulanır. **
F.İsazadə