BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə namizədliyi irəli sürülmüş, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Almaniyada UNESCO ilə bağlı proqramını təqdim edib.
“UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu Almaniyada bir sıra görüşlər keçirib. Həmin görüşlərdə P.Bülbüloğlu UNESCO ilə bağlı proqramını təqdim edib”, - Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində P.Bülbüloğlu Almaniyanın Federal Xarici İşlər Nazirliyində UNESCO üzrə məsul olan dövlət naziri Maria Bömer, eləcə də xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndə Haydrun Tempel, Bundestaqın deputatları və digər şəxslərlə görüşlər keçirib.
Bundan öncə P.Bülbüloğlu bəyan edib ki, UNESCO-nun baş direktoru vəzifəsinə seçiləcəyi halda bu strukturda “siyasi döyüşlər” minimuma çatdırılacaq. “UNESCO-da siyasi döyüşləri minimuma çatdırmağı vacib hesab edirm. Əfsuslar olsun ki, qarşıdurma üçün bundan əlavə çox sayda formatlar var. UNESCO-nun vəzifəsi isə humanitar sahədə fəallıq vasitəsilə sülh axtarmaqdan ibarətdir”, - P.Bülbüloğlu bildirib. Onun rəyinə görə, UNESCO-da mürəkkəb böhran şəraitinə uyğunlaşmaq lazımdır.
Xəbər verildiyi kimi, UNESCO-nun baş direktoru olan İrina Bokovanın fəaliyyət müddətinin başa çatmasını nəzərə alaraq, Azərbaycan hökuməti UNESCO-nun prosedur qaydalarına uyğun olaraq Polad Bülvüloğlunun təşkilatın baş direktoru vəzifəsinə namizədliyini irəli sürüb. UNESCO-nun Baş direktorunun üzv dövlətlər tərəfindən irəli sürülmüş namizədlər sırasından İcraiyyə Şurasının tövsiyəsi əsasında UNESCO-nun Baş Assambleyası 2017-ci ilin oktyabr-noyabr aylarında seçilməsini həyata keçirəcək. **
A.Əzizov