Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır.Bunu prezident İlham Əliyev deyib.
“bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Aparıcı reytinq agentlikləri də bunu təsdiqləyir. Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır”, - İ.ƏliyevŞirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılış mərasimində bildirib.
Dövlət başçısı qeyd edib ki, ordu quruculuğu daim diqqət mərkəzindədir.“Büdcəmizin ən böyük xərcləri hərbi xərclərdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Son illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Həm yerli istehsal, həm də xaricdən gətirilən hərbi texnika hesabına biz bu gün təminat baxımından ən yüksək səviyyədəyik”, - o vurğulayıb.
Prezidentin sözlərinə görə, ən müasir silahlar, texnika, döyüş aparatları, təyyarələr, vertolyotlar, pilotsuz döyüş aparatları, artilleriya qurğuları, zirehli maşınlar, tanklar, toplar, hava hücumuna qarşı ən müasir qurğular Azərbaycanın hərbi gücünü böyük dərəcədə artırır.
“Növbəti illərdə də bu istiqamətdə ardıcıl iş aparılacaq. Bizim hərbi büdcəmiz kifayət qədər böyükdür. Bu məsələ bizim üçün prioritet məsələdir”, - İ.Əliyev qeyd edib.
“Əgər müharibə olmasaydı, bəlkə də bu qədər vəsait bu məqsədlər üçün ayrılmazdı. Ancaq müharibə bitməyib, birinci mərhələ başa çatıb. Biz daim hazır olmalıyıq ki, işğal edilmiş torpaqları öz hərbi gücümüzlə azad edək”, - dövlət başçısı bildirib. **
F.İsazadə