Çexiyanın Azərbaycandakı səfiri bu ölkənin Çexiyanın Ermənistandakı səfiri Petr Mikiskanın bəyanatı ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılacaq.
Ermənistan mətbuatının məlumatına əsasən, P.Mikiska Dağlıq Qarabağa qanunsuz səfər etmiş Avropa Parlamentinin deputatları Frank Engel (Lüksemburq), Eleni Teorxarus (Kipr) və Yaromir Ştetinanın beynəlxalq axtarışa verilməsi ilə bağlı elanın “Azərbaycan tərəfindən müəyyən edilmiş ekstardisiya alətinin siyasi kampaniya məqsədilə istifadə etdiyini” iddia edib.
“Azərbaycanın Çexiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək həqiqətən bu fikirlərin Çexiyanın Ermənistandakı səfiri Petr Mikiska tərəfindən söyləndiyini araşdıracaq. Çexiyanın Azərbaycandakı səfiri də məsələ ilə əlaqədar XİN-ə çağırılacaq”,- bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, əgər həqiqətən belə fikirlər Çexiya səfiri tərəfindən deyilibsə, bu, qanuna və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. “Əksinə bu kimi açıqlaması ilə Çexiya səfiri cinayət tərkibi olan hüquqi məsələləri siyasiləşdirir”, - XİN rəsmisi qeyd edib.
H.Hacıyev xatırladıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, ölkənin ərazi bütövlüyü, suverenliyi və konstitusiya əsaslarının pozulmasına açıq çağırışlar edən, qanunsuz kriminal rejimlə işbirliyinə girən, etnik və dini zəmində nifaq yaradan fərdlərə qarşı Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi açılır.
“Onlardan biri də Avropa Parlamentinin üzvü statusundan sui-istifadə edərək erməni lobbisinin maliyyəsi ilə işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər edən və bu kimi qeyri-qanuni fəaliyyətləri həyata keçirən Çexiya vətəndaşı Yaromir Ştetinadır”, - H.Hacıyev vurğulayıb.
O, həmçinin xatırladıb ki, Çexiya Respublikasının Cinayət Məcəlləsinin İX və X Fəslinə və müvafiq olaraq 309, 310, 323 və 324-cü maddələrinə əsasən Çexiya dövlətinin ərazi bütövlüyü, suverenliyi, konstitusiya əsası və dövlət hakimiyyətinə qarşı fəaliyyətə görə 10 ildən 18 ilə qədər ağır cəza nəzərdə tutulur.
Xəbər verildiyi kimi, 20 fevral tarixində Qarabağda qondarma “referendum”u izlədiklərinə görə, Avropa Parlamentinin deputatları Frank Engel, Yelen Teoxarus və Yaromir Ştetini beynəlxalq axtarışa verib. Qeyd olunan şəxslər barəsində Baş Prokurorluq tərəfindən cinayət işi açılıb. Onlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bötüvlüyünün pozulmasına çağırışlar edir və bu istiqamətdə əməli fəaliyyət həyata keçirir, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaradılmış qanunsuz rejimin və aqressiv separatizmin təbliğatı ilə məşğul olur, dezinformasiya, etnik və dini zəmində nifaq və ayri-seçkilik yayıblar. **
F.İsazadə